AZCON Holdinqin tərkibinə daxil olan AzInTelecom MMC Azərbaycanda ilk Superkompüter Mərkəzini yaratdı. Bu addım ölkənin süni intellekt və rəqəmsal infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm mərhələ hesab olunur.
Mərkəz NVIDIA H200 GPU çipləri ilə təchiz olunmuş yüksək performanslı hesablama (HPC) sistemləri ilə təmin edilib. Hazırda şirkətin Hopper arxitekturasına əsaslanan 32 ədəd H200 GPU quraşdırılıb. Bu çiplər böyük həcmli dataların yüksək sürətlə emalını təmin edir.
Superkompüter Mərkəzi yerli AI layihələrinin xarici resurslara ehtiyac olmadan ölkə daxilində həyata keçirilməsinə imkan verir. Dövlətə məxsus dataların daha təhlükəsiz mühitdə emalını təmin edir və Azərbaycanın regional AI landşaftında rəqabət qabiliyyətini artırır.
Hazırda əlavə GPU çiplərinin alınması yolu ilə mərkəzin gücünün artırılması üzərində işlər aparılır. Gələcəkdə mərkəz AI tədqiqat və inkişaf üçün əsas platforma rolunu oynayacaq.